Xəzər Xəbər

7 min nəfərə reabilitasiya vasitəsi verilib

Cəmiyyət | 11:14 • 3 Noyabr 2018
7 min nəfərə reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.


Nazirlikdən XəzərXəbər-ə verilən xəbərə görə, bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub. Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.

Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.

Reabilitasiya vasitələri ilə təmin edilmək üçün özlərinin (yaxud yaxınlarının) Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gəlmək imkanı olmayan insanlara bu vasitələrin elə yaşadıqları rayonlara və şəhərlərə, hətta bir hissəsinə evlərinə aparılaraq verilməsi həyata keçirilib. Ölkəmizin 50-dən çox rayon və şəhərində bu məqsədlə səyyar xidmətlər göstərilib.

Xəbər lenti