Torpaq idarəçiliyində
mühüm layihələrdən olan elektron kadastr uçot işlərinin nəticəsində
ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq
balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində
torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün
prinsiplərinə uyğunlaşır.
Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərXəbər-ə verilən xəbərə görə, eyni zamanda torpaqların münbitlik dərəcəsi
öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul
edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə
istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə
edilir. Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz
olaraq istifadə etmələri aradan qaldırılır. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşır.
Hazırda
müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki
imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri bir neçə
rayonda bitib. Sistemə daxil olan növbəti rayon Zərdabdır. Nəticədə həmin rayonda torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi. Bu məqsədlə Zərdab
rayonunda görülən işlərin nəticələri, sistemin istifadə qaydaları ilə
bağlı İşgüzar Forum keçirilib. Komitənin tabeli qurumlarının, aidiyyəti
mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra
Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə bu layihənin
nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu. Uçot
işlərinin real şəraitdə tətbiqi mexanizmi onlara əyani şəkildə
göstərilib, layihənin rayonda torpaqların səmərəli idarəsi və
istifadəsinə göstərəcəyi müsbət təsirlər izah edilib. Bu günə qədər bu
layihənin praktiki istifadəsi 10 rayonda reallaşıb.
Zərdab
rayonunda yekunlaşan torpaqların elektron kadastr uçotunun həyata
keçirilməsi ilə bələdiyyələrin mülkiyyətində olan torpaqların dəqiq
sərhədləri, miqyası, istifadə təyinatı müəyyənləşir. Eyni zamanda
torpaqların ümumi həcmində dövlət və özəl torpaqların xüsusi payı təyin
edilir. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef,
meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda,
torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata
keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Reallaşan uçot işləri Zərdab
rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş
70 min hektara yaxın torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan
verib. Bəlli olub ki, 21,6 min hektar bələdiyyə, 16,8 min hektar dövlət,
26,4 min hektar sahə özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları
daxilindəki torpaq sahələrinin 50 min hektara yaxını (75%-i) kənd
təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 34 min hektarını əkin
sahələri təşkil edir. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı
almış ailələrdən 7 minə yaxınının torpaq sahəsinin ölçüləri 1
hektaradəkdir. Bu da onu göstərir ki, torpaq ərazisinin
konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.
Bu işlər
nəticəsində əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat
xidmətləri də vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Belə
ki, rayon ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatlar
bazaya daxil edilib.
Görülən işlərlə paralel olaraq rayonunun
torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, eləcə də eroziya
xəritələri tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu,
hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Kəndli
isə alacağı torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını
planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi
mülkiyyətçiyə bəlli olur.