DİN Baş Dövlət Yol
Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən
saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial
şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.
İdarədən XəzərXəbər-ə
bildirilib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan
bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər
göstərərək tabesizlik nümayiş etdirirlər:
"Onlar bu cür
vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə
qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa
çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik
göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq” kimi
qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu
sürücülərin təhlükəsiz, sag-salamat evlərinə qayıtması üçün xidmət
aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul
xidməti əməkdaşının "saxla” işarəsinə tabe olmalı, müvafiq qaydada
sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə
avtomobili tərk etməlidir.
Əks halda, qanunvericilikdə bununla
bağlı məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin
327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının
nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80
manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 535-ci
maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur.
Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai
qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə
qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə
edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək
müddətə inzibati həbs tətbiq olunur. Xahiş edir ki təhlükəsizliyiniz
naminə qaydalara riayət edəsiniz".