Son vaxtlar Azərbaycanda
fırıldaqçı turist şirkətləri peyda olub. Onlar müxtəlif vədlərlə
turistləri cəlb edərək aldadırlar. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev mətbuata açıqlamasında ölkəmizdə belə halların olduğunu etiraf
edib.
Nazir
bildirib ki, dələduzluq halları lisenziyalar aradan qaldırılandan sonra
ortaya çıxıb: "Bəzi dəllallar ortaya çıxıb, guya xidmət göstərir,
yalandan tur təşkil edirlər. Son nəticədə Azərbaycanın imici enir,
bizlər itiririk".
Ə.Qarayev hesab edir ki, turizm şirkətləri
birləşib, normal proqram ortaya qoysa və dünya miqyasına çıxsa,
dəllallar və yalançılar özlərini aciz hiss edərək meydana daxil ola
bilməzlər.
Nazirin çıxışına münasibət bildirən Azərbaycan Turizm Assosasiyasının
(AzTA) sədri Nahid Bağırov AzVision.az-a açıqlamasında deyib ki, fırıldaqçı turist şirkətləri və ya vətəndaşlarla bağlı onlara çoxsaylı şikayətlər daxil olur.
N.Bağırovun sözlərinə görə, insanları aldadaraq onlara yalançı turlar və ya turist səfərləri təşkil edənlərin sayı yüzlərlədir.
AzTA
sədri hesab edir ki, belə şirkətlərlə mübarizə aparmaq üçün dövlət
tərəfindən mexanizm hazırlanmalıdır: "Əgər mexanizm olmasa, yay
mövsümündə dələduzların aktivləşməsini nəzərə alaraq, biz öz
üzvlərimizin siyahısını mətbuat vasitəsilə açıqlayacağıq. Vətəndaşlara
bildirəcəyik ki, AzTA bu şirkətlərə zamindir və vətəndaşlara onların
xidmətlərindən istifadə etməyi tövsiyyə edir. Bu, o demək deyil ki,
başqa turizm şirkətləri işləyə bilməz. Sadəcə olaraq biz öz üzvlərimizə
zamin dururuq. Artıq belə şirkətlərin qarşısında AzTA-nın loqosu
yerləşdirilir”.
N.Bağırov qeyd edib ki, fırıldaqçı şirkətlər
sosial şəbəkələrdə özlərinə səhifə açır, kiçik ofis götürür və
vətəndaşlara bazarda olan qiymətdən dəfələrlə aşağı xidmətlər təklif
edir. Onlar bu yolla insanların diqqətini özlərinə çəkə bilirlər.
"Turislər onlardan turpaket alır, hava
limanına gedən zaman başa düşürlər ki, əllərində olan kağızdır, bilet
deyil. Və ya xarici dövlətdə yerləşmə zamanı görürlər ki, otel kağızı
saxtadır, oteldən gələn vauçer deyil. Bu cür hadisələr ölkəmizə gələn və
gedən turistlərlə bağlı yaşanır. Minlərlə belə problem olur. Bu, sözsüz
ki, ölkə imicinə xələl gətirən amildir. Nəticədə insanların normal
turizm sisteminə inamı itir”.
Milli Məclisin deputatı Elmira Axundova
bildirib ki, fırıldaqçılıqla məşğul olan turizm şirkətlərinə qarşı
ciddi mübarizə aparmaq lazımdır: "Bu günə qədər belə halla
rastlaşmamışam. Amma turizm şirkətlərinin fəaliyyəti daha şəffaf
olmalıdır. Fikrimcə, turizm şirkətləri müstəqil olsa da, onlar hansısa
aidiyyatı quruma fəaliyyətləri barədə hesabat verməlidirlər”.
Deputatın
fikrincə, turzim şirkətləri ilə bağlı şikayətlər ciddi yoxlanılmalıdır:
"Əgər şikayətlər reallığa söykənirsə, həmin şirkətlər təcili məhkəməyə
verilməli və onlarla bağlı inzibati ölçü götürülməlidir. Bu məsələlərə
həssas yanaşılmalı və hər bir hal araşdırılmalıdır ki, doğurdan belədir,
ya yox. Hazırda bəzi turizm şirkətləri az qala monopoliya yaradıblar.
Onların qiymətləri daha münasib, servisləri daha yüksədir. Ona görə də
başqa turizm şirkətləri işsiz qalır. İstərdim ki, rəqabət sağlam qalsın.
Turizm sferası moonopliyasız olsun, amma bunların üzərində nəzarət
ciddiləşsin”.