Xəzər Xəbər

2020-ci ildə ARDNF investisiya portfelini artırıb

İqtisadiyyat | 19:38 • 22 Yanvar 2021
2020-ci ildə ARDNF investisiya portfelini artırıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 43 563,38 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin nəticələri ilə müqayisədə 0,56 % çoxdur.


Bu barədə Fondun yaydığı hesabatda deyilir.


Hesabat tarixinə ARDNF-in investisiyalarının 68 %-i ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 11,4 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 31,43 %-dən 20,3 %-ə endirib, ingilis funt sterlinqinin payını isə 5,1 %-dən 5,3 % bəndinə qaldırıb.


2020-ci ilin sonuna portfeldə Avstraliya dollarının payı 0,6 % (dəyişməyib), türk lirəsinin payı 0,7 % (0,1 % faiz bəndi az), rus rublunun payı 0,5 % (0,3 % bəndi az), Çin yuanının payı 1,3 % (0,1 % çox), yapon yeninin payı 1,5 % (faiz bəndi dəyişməyib, digər xarici valyutaların payı isə 1,8 % (0,3 faiz bəndi çox) təşkil edib, Koreya vonunun payı isə 0 % təşkil edib.


İl ərzində ARDNF-in istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiyalarının xüsusi çəkisi 4,9 % bəndi azalaraq 63,8 %-ə düşüb. Əvəzində Fond investisiya portfelində səhmlərin payını 14,1 %-dən 15,9 %-ə, daşınmaz əmlakın payını 5,8 %-dən 6,1 %-ə, qızılın payını isə 11,4 %-dən 14,2 %-ə dəyişib.


2020-ci ildə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 54,9 %-i AAA reytinqli olub. Bu, 1 il əvvələ nisbətən 12,1 % faiz bəndi çoxdur. Əvəzində Fond AA reytinqi alətlərin xüsusi çəkisini 16,3 %-dən 13,8 %-ə, A reytinqi alətlərin xüsusi çəkisini 29 %-dən 22,5 %-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 10,5 %-dən 7,4 %-ə endirilib, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə dəyişməyərək 1,4 % qalıb.


Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 37,0 %-i 1 ilə qədər, 29,6 %-i 1 ildən 3 ilə qədər, 21,0 %-i 3 ildən 5 ilə qədər, 12,4 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 34,0 %, 35,6 %, 21,7 % və 8,7 % təşkil edib.


Ötən ilin dekabr ayının sonuna Fondun investisiyalarında Avropa ölkələrinin payı 29,26 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 23,48 % təşkil edib. Bu rəqəmlər daha əvvəlki ilin sonuna müvafiq olaraq 33,80 % və 33,76 % olub.


Digər regionlardan Şimali Amerikanın payı 24,91 %-dən 24,96 %-ə artıb, Avstraliya və Yeni Zelandiyanın payı 2,04 %-dən 1,14 %-ə dəyişib, Yaxın Şərq regionunun payı 0,71 %-dən 1,09 %-ə qalxıb, Cənubi Amerika regionunun payı isə 0,5 %-dən 0,4 %-ə düşüb.


2020-ci İl əzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,23 %-dən 59,26 %-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 32,04 %-dən 20,73 -ə düşüb. 2020-ci ildə ARDNF-in investisiya portfeıində beynəlxalq maliyyə təşkilatlarının payı 4,73 % bəndindən 5,85 %-ə qalxıb.

Xəbər lenti