Xəzər Xəbər

Yük maşını sürücüləri qanunsuz cərimə olunurlar? - İDDİA və RƏSMİ CAVAB VİDEO

Veb TV | 19:51 • 22 May 2025
Yük maşını sürücüləri qanunsuz cərimə olunurlar? - İDDİA və RƏSMİ CAVAB

Yük avtomobillərinin sürücüləri olan bir qrup şəxs əsassız yerə cərimə olunduqlarını iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Sabirabad sakinləri olan bir qrup şəxs özlərinə məxsus yük avtomobilləri ilə ölkənin müxtəlif istiqamətlərinə mişar daşı, qum və çınqıl daşıyırlar. Onlar deyirlər ki, tələb olunan maksimal kütlə hər maşın üçün 26 ton təyin edilib və onlar buna əməl edərək yola çıxırlar. Həmin yük ilə paytaxtın Qaradağ rayonu ərazisində yerləşən stasionar post ərazisində qurulmuş yük tərəzisindən keçsələr də, onları İmişli rayon ərazisində quraşdırılmış tərəzidə yoxlayan zaman yükün artıq olması bildirilərək cərimə olunurlar.

Sürücülər bildirirlər ki, Qaradağ rayonu ərazisindən 26 ton yüklə keçməyə icazə verilsə də, bu tələb paytaxt ərazisində 24 tona, İmişli rayonu ərazisində isə 25 ton 500 kiloqrama qədər dəyişir. Belə olan halda sürücülər çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.

Sürücülərin üzləşdiyi problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən "Xəzər Xəbər"ə bildirildi ki, avtomobillərin yükgötürmə qabiliyyəti nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 104 nömrəli qərarı ilə tənzimlənir. İkioxlu nəqliyyat vasitələrində yükgötürmə qabiliyyəti 18, üçoxlu yük maşınlarında 26, dördoxlu avtomobillərdə 32, beşoxlularda isə 40 ton müəyyən edilib. Burada müəyyən istisnalar da var.

“Məsələn, bəzi üçoxlu yük avtomobillərinin yükgötürmə qabiliyyəti 25 ton, aparıcı oxu hava asqısı ilə təchiz olunmuş üçoxlu avtomobillərin yükgötürmə qabiliyyəti isə 26 tondur. Agentlikdən həmçinin qeyd edilib ki, meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Yük maşınları elektron tərəzilərdən keçərkən məhz həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük maşınlarının sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir", -deyə qurumdan bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar