Cəlilabad sakinləri şəkərli diabetlə bağlı dövlət tərəfindən verilən dərmanları ala bilmədiklərindən şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadın Məmmədrazlı kənd sakini Əlizadə Məmmədov deyir ki, həm özü, həm də həyat yoldaşı şəkərli diabet xəstəsidir.
Dediyinə görə, onlar dərmanları ya vaxtında ala bilmir, ya da heç almırlar. Hətta bəzən təyin olunmuş dərmanların yerinə əvəzediciləri verilir.
Onun sözlərinə görə, əvvəlki illərdə şəkərli diabet dərmanlarını vaxtlı-vaxtında alıb. Amma son illərdə dərmanlar vaxtında verilmir. 7 aydır ki, cəmi bir dəfə dərman ala bilib. O da şəkərini tam tənzimləmir.
Şikayətçinin sözlərinə görə, bir qrup dərman var ki, hər ay verilməlidir. Amma təkcə bir dərman verilir. Həmçinin neçə ildir zobdan, şəkərli diabetdən əziyyət çəkir, ürək əməliyyatı keçirib. Buna baxmayaraq onu ürək çatışmazlığı xəstəsi kimi qeydiyyata almadıqları üçün dərmanlar da verilmir.
Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, Əlizadə Məmmədova əlillik dərəcəsi təyin edilmədiyi üçün kardioloji xəstəliklərlə bağlı dərman vasitələri Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən təmin olunmur. Lakin o, mayın 14-də xəstəxana tərəfindən şəkərli diabet xəstəliyindən əziyyət çəkən imtiyazlı şəxslər üçün nəzərdə tutulmuş dərman preparatları ilə tam təmin olunub. İmtiyazlı xəstələrin dərman təminatı da Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Dövlət proqramına uyğun şəkildə həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.