Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün edam olunub...
2023-cü il yanvarın 27-də səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirən, daha 2 əməkdaşı yaralayan Yasin Hüseynzadə barəsində çıxarılmış edam hökmü nəhayət ki, icra olunub.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, ötən il yanvarın 28-də çıxarılmış ölüm hökmü bu gün səhər saat 5-də icra olunub. Edamın icra olunması prosesini Azərbaycan Səfirliyinin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. "Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik", - deyə Ayxan Hacızadə bildirib.
Həyata keçirilən hökmə şəhid Orxan Əsgərovun atası da münasibət bildirib. O, bu xəbəri uzun müddətdir gözlədiklərini deyib.
Rizvan Əsgərov bildirib ki, onlar üçün böyük bir təsəlli olan bu qərarın icrası Azərbaycan dövlətinin, diplomatiyasının qələbəsi, şəxsən Prezident İlham Əliyev qətiyyətinin nəticəsidir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.