Bakının Binə qəsəbə sakini Səkinə Ziyətxanova dələduzluğun qurbanı olduğunu iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, o bildirir ki, "TikTok" sosial şəbəkəsində gördüyü elan vasitəsilə 22 min manata ev alıb. Dediyinə görə, evin alınması üçün əvvəlcə 12 min, sonra isə 10 min manat ödəyib. Evi sənədləşdirmək istədiyini bildirikdə isə qarşı tərəf müxtəlif vədlər verərək onu yubadıb. Səkinə Ziyətxanova bildirir ki, onu Şəbnəm adlı qadın əlaqələndirsə də, pulu ev sahibi olan Əziz İbadova ödəyib.
Onlar Binə qəsəbəsində yerləşən evin alınması üçün razılaşıblar. Yenidən evə baxmaq istədikdə isə onları tamamilə fərqli şəxslər qarşılayıblar.
Sözügedən şəxslə, yəni evi satan Əziz İbadovla biz də əlaqə saxladıq. O, səsləndirilən iddiaların yalan olduğunu dedi. Bildirdi ki, evi 18 min manata satışa qoyub. Səkinə Ziyətxanova ilə razılaşdıqdan sonra ona 12 min ödəniş edilib. Aylarla gözləsə də, qalan 6 min manat verilməyib. Buna görə də həmin adam evi başqasına satıb. Səkinə Ziyətxanovanın ona ödədiyi 12 min manatı da geri qaytarıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.