Xəzər Xəbər

Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir? VİDEO

Veb TV | 21:24 • 12 May 2025
Bərdədə fermerlərin heyvanlarını yaylaqlara aparmalarına maneçilik törədilir?

Havaların isinməsi ilə heyvanların yaylaqlara aparılmasına başlanılıb. Amma Bərdədə qoyunçuluqla məşğul olan bir qrup təsərrüfat sahibi isə bu mövsüm yaylağa gedə bilməyib.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən təsərrüfat sahibləri deyirlər ki, heyvanlarını Kəlbəcər yaylaqlarında olan yurd yerlərinə apara bilmirlər. Onların iddialarına görə, buna səbəb yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyatın aparıldığı portalda icazə verilməməsidir.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər deyirlər ki, hələ sovetlər dönəmində həmin yaylaq yerləri dövlət səviyyəsində Bərdə rayonundan olan qoyunçuluq təsərrüfatlarının olub. Bu il isə onların getmələrinə maneçilik törədilir.

İddialarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, Bərdə rayonunun Hacıallı kəndindən olan fermerlər əvvəlki illərdə portalda qeydiyyatdan keçərək təsərrüfatlarını yaylağa aparıblar. Bu il isə həmin fermerlərin heç biri mayın 11-dək portalda qeydiyyata düşməyib. Hazırda "Köç" portalı açıqdır, Kəlbəcərdə kifayət qədər boş yaylaq yerləri var, həmin fermerlər boş qalan yaylaq yerlərini seçərək təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara apara bilərlər. Vüqar Hüseynov bildirib ki, yaylaqlarda yer seçimi fermerin özü tərəfindən köç portalı vasitəsilə ardıcıllıq prinispi əsasında həyata keçirilir. Yəni bir yaylaq yerinə iki və daha artıq fermer iddialıdırsa, yaylaq yerini elektron xəritədə ilk seçmiş fermerlə müavilə bağlanır. Digər fermer isə alternativ yerlərdən birini seçmək hüququna malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar