Şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti Qaxda ciddi fəsadlara yol açıb.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 69 yaşlı Kulaşvili Varobyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb. Nəticədə onun evi ilə bərabər İradə Hacıyevanın da yeni təmir olunan evi ciddi zədələnib. Küləkdən sonra yağan leysan yağışı evə maddi ziyan vurub, yağış suları otaqlara dolub.
Ağcabədidə əsən güclü külək isə toy mağarını uçurub. Hadisə rayonun Aran kəndində baş verib. Kənd sakini Qəhrəman Həsənovun oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.
Ağdamda da külək təsirli olub. Rayonun Ergi Düzü adlanan ərazidə baş vermiş qasırğa və dolu yağışı nəticəsində tikililərə, minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyan dəyib. Hektarlarla dənli bitki və tərəvəz eləcə də bostan sahələrinə ciddi ziyan dəyib.
Məlumata görə, rayonun Ergi Düzü adlanan ərazisində təsərrüfatların birində çalışan 16 yaşlı yeniyetmənin başına şifer düşüb. Xəsərat alan şəxs rayon xəstəxanasına aparılıb.
Xəstəxanadan “Xəzər Xəbər”ə verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.