Qubanın Qamqam kəndində baş verən sel fəlakəti kənd sakinlərinin həyatını çətinləşdirib.
Xezerxeber.az-ın məlumatına görə, Cağacuq çayının üzərindəki körpünü sel apardığı üçün kəndin bir hissəsi ilə əlaqə kəsilib.
Hazırda kəndin sağ sahilində yaşayan sakinlər yalnız traktor vasitəsilə çayı keçə bilirlər. Bu da həm məktəblilər, həm də gündəlik işlərini görmək istəyən ailələr üçün problemə çevrilib.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, təkcə Qamqam kəndində deyil, ümumilikdə şimal bölgəsində son günlər baş verən intensiv yağıntılar nəticəsində bir sıra yaşayış məntəqələrində sel və torpaq sürüşməsi halları qeydə alınıb. Bildirilib ki, yaranmış vəziyyət nəzarətdə saxlanılır və zəruri istiqamətlərdə fəsadların aradan qaldırılması, o cümlədən körpü ilə bağlı tədbirlərin görülməsi istiqamətində işlər mərhələli şəkildə aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.