Xəzər Xəbər

Hövsanda 1 nəfərin öldüyü yanğının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:30 • 22 Aprel 2025
Hövsanda 1 nəfərin öldüyü yanğının TƏFƏRRÜATLARI

Ötən gün gecə 1 saatdan artıq davam edən  güclü yanğın olub. Nəticədə Elvin Məmmədov adlı şəxs dünyasını dəyişib, Nihat Əşərəfov isə ağır yaralanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar masssivində baş verib. Yanğının həyət evlərinin birində olduğu bildirilir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, həmin ünvanda çoxdandır heçkim yaşamır. Son günlər həmin evə gəliş gediş olub.

Sözügedən evi kirayə götürən şəxsin vəkili “Xəzər Xəbər”ə bildirib ki, orada istehsal olmayıb sadəcə anbar kimi istifadə edilib. Həmin vaxt evi kirayə götürən Fərahim adlı şəxs ünvanda olmayıb. Onlar bildirir ki hadisə yəqin ki, orada olan şəxslərin səhlənkarlığına görə baş verib.

Hadisə ilə bağlı Fövqəladə hallar nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli dördotaqlı, spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib və yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub, yanğın söndürülüb.

Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, 24 yaşlı şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti