Xəzər Xəbər

Güclü sel rayonlarda ciddi fəsadlara yol açıb, həlak olanlar var VİDEO

Veb TV | 20:05 • 17 Aprel 2025
Güclü sel rayonlarda ciddi fəsadlara yol açıb, həlak olanlar var

Ötən gün Şabrançaya gələn sel nəticəsində üç nəfər həlak olub. Hadisə çayın Şabran rayonunun Xəlfələr kəndindən keçən hissəsində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, neft şirkətinin əməkdaşları işə gedərkən avtomobili sel aşırıb. Nəticədə nəqliyyat vasitəsində olan Şirvan sakini, 59 yaşlı Nurməmməd Məmmədov və Salyan sakini, 63 yaşlı Etibar Nağıyev ölüblər. Onların cəsədləri gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda ərazidə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların ölümü ilə bağlı araşdırma aparılır.

Quba rayonu, Amsarqışlaq ərazisində isə aramsız yağışlar nəticəsində sel suları yaşayış evlərini dağıdıb, bəzilərində isə çatlar əmələ gətirib.

Problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, daşqınlar əhalinin təsərrüfatlarına, yol-nəqliyyat infrastrukturuna, işıq, qaz və rabitə sahəsinə də təsirsiz ötüşməyib.

Tovuzda da sel ciddi fəsadlar törədib. Rayonun Əsrik-Cırdaxan kəndində Mübariz Abulova məxsus evin istinad hasarı və iki otağı uçub, ev sahibinə məxsus minik avtomobili hasarın altında qalıb.

Bundan başqa, yolun torpaq qatı yuyulub, asfalt örtüyündü də çatlar yaranıb. Elektrik dirəklərinin təməlini də sel sıradan çıxarıb.

Vətəndaşa dəyən ziyan və ümumi fəsadlarla bağlı Tovuz Rayon İcra Hakimiyyətinin nəzdnindəki fövqəladə hallar komissiyası tərəfindən əraziyə baxış keçirilib, zərərlər qeydə alınıb.

Hacıqabul rayonun ərazisindən keçən Pirsaat çayına gələn sel də ətraf kəndlərdə fəsadlar törədib. Qubalı və Tağlı kəndlərində işıq, qaz təsərrüfatlarına ziyan dəyib. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib.

Mövcud vəziyyətlə bağlı Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, hazırda çayda suyun səviyyəsi tədricən aşağı düşüb. Bununla belə, selin törətdiyi fəsadları aradan qaldırmaq üçün zəruri tədbirlər görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti