Xəzər Xəbər

Azərbaycanda 40 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilmədi VİDEO

Veb TV | 21:29 • 17 Aprel 2025
Azərbaycanda 40 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilmədi

Ölkə üzrə 42 plastik cərrahın fəaliyyətinə icazə verilib.

Xezerxeber.az-ın məlumatına görə, yanvar ayında Səhiyyə Nazirliyi 82 plastik cərrahın lazımi sənədləri təqdim etdiyini açıqlamışdı.

Nazirlik həmçinin bildirmişdi ki, plastik cərrahlarla bağlı yaradılan Xüsusi Təftiş Komissiyası sənədlərini təqdim edən 82 cərrahı fərdi qaydada yoxlayacaq. Yoxlama prosesinin bitməsinə çox az bir vaxt qalıb. Artıq Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş plastik cərrahların siyahısı açıqlanıb.

Siyahıda 42 plastik cərrahın adı qeyd olunub və bildirilib ki, mütəxəssislərin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Plastik cərrahlar məsələsi araşdırılmağa başladığı andan bəzi cərrahların narazılığına səbəb olan məsələlər var idi. Məsələn, çoxu bildirirdi ki, bəzi plastik əməliyyatlar var ki, onları cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş digər həkim-mütəxəssislər də icra edə bilərlər. Xüsusi Təftiş Komissiyası bu məqama da aydınlıq gətirib. Belə ki, cərrahiyyə profili üzrə təhsil alan digər peşə ixtisas sahibləri tərəfindən icrasına icazə verilən plastik cərrahiyyə əməliyyatlarının siyahısı da təsdiq edilib.

Yəni burada söhbət, ümumi cərrah, LOR cərrah, üz-çənə cərrahı, göz cərrahı və digər rekonstruktiv əməliyyatlar icra edə biləcək cərrahlardan gedir. Bu cərrahlar bütün növ plastik əməliyyatları icra edə bilməsələr də, yalnız ixtisasları çərçivəsində olan plastik əməliyyatları icra edə bilərlər.

Siyahıda törəmə səbəbindən aparılan bəzi əməliyyatların həkim-onkoloq tərəfindən icrasına da icazə verilir.

Qeyd edək ki, plastik cərrahlarla bağlı yaradılmış Xüsusi Təftiş Komissiyanın işi bu ay başa çatacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti