Xəzər Xəbər

Tələbələrin təqaüdündən niyə pul tutulur və milyonlarla manat vəsait hara gedir? VİDEO

Veb TV | 10:20 • 16 Oktyabr 2024
Tələbələrin təqaüdündən niyə pul tutulur və milyonlarla manat vəsait hara gedir?

Hər ay tələbəyə verilən təqaüddən müəyyən məbləğ tutulur.

Xezerxeber.az-ın məlumatına görə, tələbələr deyirlər ki, bu vəsaitin niyə tutulduğunu və haraya xərcləndiyini bilmirlər. Bəzi tələbələr isə iddia edirlər  ki, onların təqaüdlərindən kəsilən pul tələbə həmkartlar ittifaqı təşkilatının balansına köçür.

Maraqlıdır, bəs həqiqətən də Tələbə Həmkarlar İttifaqı Təşkilatı tələbələrin könüllü icazəsi olmadan onların təqaüdlərindən müəyyən məbləğ tuta bilərlərmi?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova deyir ki, tələbələr tərəfindən razılıq ərizəsi olmadan onların vəsaitindən hər hansı bir məbləğ tutulmur. İstənilən tələbə müraciət edərək bu tutulmanı ləğv edə bilər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tələbələrə verilən təqaüdlər vergi və digər ödənişlərdən azad olduğu üçün təhsil ocaqlarının mühasibatlığı da bu vəsaitdən hər hansısa məbləğ tuta bilməz. Həmçinin mövcud qanunvericiliyə əsasən, 18 yaşına çatmamış tələbələr heç bir təşkilata üzv ola bilmirlər.

Ekspert qeyd edir ki, hər bir tələbə təşkilatlara üzv olmaq üçün ərizə yazır. Yalnız bu halda onların vəsaitindən pul tutula bilər. Əks halda isə, pul tutularsa, bu ciddi qanun pozuntusudur.

Qeyd edək ki, Azərbaycanda 120 minə yaxın tələbə təqaüd alır. Tələbələrin dediklərinə əsaslansaq, onların təqaüdlərindən hər ay tutulan 2-3 manat arası vəsait illik milyonlarla manat deməkdir. Tələbə gəlirindən əldə edilən milyonlarla manatın konkret nəyə xərcləndiyi sualı isə hələ də açıq qalır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024