Uşaqları ətrafda tüğyan edən yoluxucu infeksion xəstəliklərdən qorumağın tək yolu var. O da vaxtında peyvənd vurdurmaqdır.
Uşaqlara 7 yaşınadək, yəni məktəbə gedənə qədər lazım olan peyvəndlər vurumalıdır ki, məktəb vaxtı qızılca, vərəm, Hepatit B və digər xəstəliklərə qarşı immunitet qazansınlar.
Xezerxeber.az-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, körpənin ilk 2 peyvəndlənməsi doğum evində və ilk 12 saat ərzində aparılır. Bu peyvəndlər onlarda vərəm və Hepatit B-yə qarşı immunitet yardır. Peyvənd təqviminə uyğun olaraq növbəti peyvənd isə 2 aylığında vurulmalıdır.
6 aylıq körpə isə təqvimə uyğun olaraq poliomielitə qarşı peyvənd olunmalıdır. 1 yaşında isə körpəyə qızılça, parotit və məxmərəyə qarşı vaksin vurulur. 18 aylığında da təkrar immunitetgücləndirici peyvəndləri olunduqdan sonra təqvim nəhayət 6 yaşında tamamlanır və beləliklə körpə 11 infeksiyadan qorunmuş olur.
Afaq Əliyevanın sözlərinə görə, bəzi valideynlər övladlarına ya peyvənd vurdurmaqdan çəkinir, ya da bu prosesi gecikdirirlər. Bu isə uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini bildirir ki, hazırda qızılcaya yoluxma hallarına az rast gəlinsə də, bu xəstəlik hələ mövcuddur və uşaqları ondan qorumaq lazımdır.
Qeyd edək ki, uşaqlara vurulan peyvəndlər Fransa, Belçika, Bolqarıstan və digər Avropa ölkələrindən gətirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.