Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsinin təmirinə başlanıb.
Səhər saatlarından texnikalar əraziyə cəlb edilib və təmir işləri görülür. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Prospekt boyunca 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq.
Bundan başqa, prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Prospektdə aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilib.
Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar "Dəniz Kənarı" küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edirlər. Yolun mayın 29-dan sonra açılması nəzərdə tutulub.
Bundan başqa, söküntüsünə başlanılan Cavanşir körpüsündə də işlər sürətlə davam edir. Üzeyir Hacıbəyli küçəsi istiqamətindən Yusif Səfərov küçəsinə doğru körpünün söküntüsü və dağıntıların daşınması işləri aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.