Xəzər Xəbər

Qazaxın 4 kəndinin qaytarılması razılaşdırıldı VİDEO

Veb TV | 21:15 • 19 Aprel 2024
Qazaxın 4 kəndinin qaytarılması razılaşdırıldı

Azərbaycanın İşğal altında olan 4 kəndi geri qaytarılır...

Bununla bağlı Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci görüşü zamanı razılıq əldə olunub. Görüşdə Qazaxın işğal altında olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılması barədə qərara alınıb. İlkin mərhələdə tərəflər sərhəd xəttinin Sovet İttifaqı çərçivəsində və onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycan prezidentinin qətiyyəti və dövlətimizin növbəti siyasi qələbəsidir.

Siyasi şərhçi Murad Sadəddinov deyir ki, dövlət başçısı bu kəndlərin qaytarılması məsələsini 2020-ci ildən etibarən gündəmdə saxlayırdı.

Beləliklə, Azərbaycan qərbin regiondakı məsələlərə müdaxiləsinə imkan verməyərək, üçüncü tərəf olmadan Ermənistanla birgə qarşılıqlı anlaşma şəraitində məsələni həll etdi. Prezident İlham əliyev yürütdüyü siyasətlə Ermənistanı sülhə əngəl olacaq mövqelərdən çəkindirdi.

Sözügedən ərazilərin Azərbaycana geri verilməsi Qazaxın anklav olan Bərxudarlı, Sofulu və Yuxarı əskipara kəndlərinin geri qaytarılmasını şərtləndirən kommunikasiya yollarının açılmasına da şərait yaradacaq.

Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə hökumətlərinə müraciət edəcəklər. Həmin hissədə Azərbaycan qoşunlarının xidməti isə təhlükəsizliyi təmin edən amil olacaq. Ekspertlərin fikrincə, Qazaxla bağlı proses yekunlaşandan sonra isə Naxçıvandakı Kərki kəndinin də delimitasiya çərçivəsində Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalları artır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar