Xəzər Xəbər

Bakıda avtobus sürücülərindən təhlükəli hərəkət - Aidiyyəti qurumlar hərəkətə keçdi VİDEO

Veb TV | 20:55 • 29 Fevral 2024
Bakıda avtobus sürücülərindən təhlükəli hərəkət - Aidiyyəti qurumlar hərəkətə keçdi

Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib. Digər bir sürücü isə içərisi sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olub.

Sərnişinlər tərəfindən bununla bağlı "Xəzər Xəbər"in “qaynar xətt”inə görüntülər göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur. Sərnişinlərin dediyinə görə, dəfələrlə xəbərdarlıq etsələr də, sürücü buna məhəl qoymayıb. Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan isə “20 Yanvar” - Lökbatan dairəsi istiqamətində hərəkət edən 193 saylı marşrut avtobusdur.

567 nömrəli marşrut xətti üzrə daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev "Xəzər Xəbər"ə açıqlamasında yayılmış görüntünün araşdırıldığını bildirdi.

193 saylı marşrut xəttinin məsul şəxsi isə sürücü barəsində qanunauyğun şəkildə tədbirlər görüləcəyini dedi. Onun sözlərinə görə, bununla bağlı marşrut xətti üzrə fəaliyyət göstərən digər sürücülərə də bir daha bu halın təkralanmaması ilə bağlı xəbərdarlıq edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olaraq onların həyatını təhlükəyə atan sürücü barəsində də tədbirlər görüləcək.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, daxil olan şikayətlərlə əlaqədar hər iki daşıyıcı şirkətə məsələni araşdırmaq və tədbirlər görmək barədə tapşırıqlar verilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024