Xəzər Xəbər

Buraxılış imtahanları niyə tez keçirilir? - "700 bal toplayanların sayının azalması da bu amillə bağlıdır" VİDEO

Veb TV | 14:44 • 12 Fevral 2024
Buraxılış imtahanları niyə tez keçirilir? - "700 bal toplayanların sayının azalması da bu amillə bağlıdır"

Tədris ili başa çatmamış şagirdlər mart-aprel aylarında buraxılış imtahanları verirlər. Buraxılış imtahanı verənlər isə imtahandan sonra məktəbə maraq göstərmirlər. Bəzilərinin fikrincə, tədris ili başa çatmamış buraxılış imtahanı verməyin məntiqi yoxdur. Çünki həm imtahanı verərkən şagird tam proqramı mənimsəməmiş olur, həm də imtahandan sonra onun dərsə marağı azalır. Şagird seçdiyi ixtisasa uyğun ali məktəbə hazırlaşır. Nəticədə tədris ilinin bitməsinə bir aydan artıq müddət qaldığı halda, şagirdlər dərsə etinasız yanaşırlar. Bəs bu nə qədər doğrudur? 

Xezerxeber.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, dünyanın əksər ölkəsində tədris proqramı bitdikdən sonra imtahan olur. O bildirir ki, sözügedən ərəfələrdə imtahanların keçirilməsi 11-ci siniflər üçün problem yaradır.

Kamran Əsədov vurğulayır ki, son illər maksimum bal toplayan abituriyentlərin sayının azalması da sözügedən amillə bağlıdır. Bu həm də şagirdlərdə psixoloji problemlər yaradır, keçdiyi proqramı təkrarlamağa imkanları olmur.

Ekspertin fikrincə, imtahanlar əvvəlki kimi yenə may ayında keçirilməlidir. Əks halda, bu, mövsümi xəstəliklər baxımından da, xüsusilə bölgələrdə imtahan iştirakçılarının sayına və nəticələrinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, buraxılış imtahanlarında şagirdlərə təqdim edilən açıq tipli qiymətləndirilmə vəsaitlərinin yoxlanılması çox müddət aldığı üçün imtahanların mart ayında keçirilməsi zərurəti yaranıb. Nazirlikdən həmçinin qeyd olundu ki, təhsil haqqında dövlət sənədində yazılacaq yekun qiymətlər hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun qiymətinə əsasən müəyyənləşdirilir. Bu baxımdan məktəblilər tədris ilinin sonunadək dərslərdə iştirak etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar