Xəzər Xəbər

Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayıb VİDEO

Veb TV | 21:02 • 9 May 2023
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayıb.

Xezerxeber.az-ın xəbərinə görə, budəfəki "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. 

Bu gün festivalın açılış konserti baş tutub. Konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları təmsil etdikləri ölkə və regionun mədəniyyətini nümayiş etdiriblər.

Festival günlərində  keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, film nümayişləri olacaq.

Müxtəlif məkanlarda "Bayraq", "Qəhrəmanlıq", "Qarabağ məclisi", "Poeziya", "Dədə Qorqud", "Dərvişlər", "Molla Nəsrəddin" mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilir.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı ilk dəfə 1989-cu ilin may ayında təşkil olunub. 1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status alıb. 2021-ci ildən etibarən festival yenidən Şuşada təşkil olunmaqdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti