Xəzər Xəbər

Unutmadıq!, Unutmayacağıq! VİDEO

Veb TV | 21:00 • 31 Mart 2023
Unutmadıq!, Unutmayacağıq!

Erməni millətçilərinin 1918-ci ilin mart ayında minlərlə azərbaycanlıya qarşı törətdiyi soyqırımından 105 il ötür.

Xezerxeber.az xəbər verir ki, Mart soyqırımı radikal ermənilərin azərbaycanlılara qarşı irqi-ayrı seçkilik, etnik təmizləmə siyasətinin ən iyrənc təzahürlərindən biri kimi tarixdə qalıb. Qadın, uşaq, yaşlı demədən minlərlə günahsız insanları sadəcə azərbaycanlı olduqlarına görə qətlə yetirildi.

Ermənilər tərəfindən 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə soyqırımı törədilib. Etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı törədilmiş qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 əsgəri iştirak edib. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılmış, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdülər.

Qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıb.

Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Lənkəran qəzasında 2 min insan öldürülüb. Qubanın 162 kəndində isə öldürülən dinc sakinlərin sayı 16 mindən artıq olub.

Erməni-bolşevik silahlı dəstələrinin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam edir. Özlərini yazıq xalq kimi dünyaya təqdim etməyə cəhd edən ermənilərin gerçək üzünü görmək üçün bu tarixi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması hər zaman aktuallığını qoruyur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti