Xəzər Xəbər

Təhlükənin bir addımlığında: qəzalı binada ağac da bitib VİDEO

Problem Mingəçevirdə yaşanır
Veb TV | 20:07 • 19 Fevral 2023
Təhlükənin bir addımlığında: qəzalı binada ağac da bitib

Mingəçevirdə qəzalı vəziyyətdə olan binanın 4-cü mərtəbəsində yulğun ağacı bitib, pəncərələri karton və paslı dəmir parçaları ilə örtülüb.

Zirzəmi çirkab ilə dolduğundan üfunət yuxarı mərtəbələrə qədər qalxıb. Nəmişlik ucbatından tavan və divarlarda suvaq belə qopub. Hətta bəzi yerlərdə armaturlar üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Mingəçevir şəhəri, Heydər Əliyev 82/1 ünvanında yerləşən yataqxana binasından gedır.

92 mənzildən ibarət olan dördmərtəbəli binanın sakinləri uzun illərdir bu vəziyyətdə yaşadıqlarını deyirlər.

Sakinlər yay aylarında binada vəziyyətin daha dözülməz olduğunu bildirirlər. Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, ancaq problemin həll olunmadığını vurğulayırlar.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, binanın qəzalı vəziyyəti ilə bağlı FHN-in rəyi olmalıdır.

Binaya axan su, zirzəmiyə dolan çirkabın yaratdığı problemə gəldikdə isə, Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin komendantı Akif Mənsimov bildirdi ki, birinci mərtəbəyə və zirzəmiyə axan su xətti təmir edilib. Hazırda su axıntısı dayanıb. Binanın digər problemləri isə növbəti həftələrdə aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti