Xəzər Xəbər

İran öz vətəndaşlarına sahib çıxmır - Xoy bölgəsində yaşayan azərbaycanlılar acınacaqlı vəziyyətdə qalıb VİDEO

Molla rejimi sırf etnik mənsubiyyətinə görə çarəsiz qalan azərbaycanlılara yardım göstərmir
Veb TV | 21:35 • 1 Fevral 2023
İran öz vətəndaşlarına sahib çıxmır - Xoy bölgəsində yaşayan azərbaycanlılar acınacaqlı vəziyyətdə qalıb

İranın Xoy bölgəsində yaşayan azərbaycanlılar acınacaqlı vəziyyətdədirlər.

Xezerxeber.az-ın məlumatına görə, Güney Azərbaycanın Xoy bölgəsində yanvarın 28-də baş vermiş zəlzələdən sonra evləri dağılmış insanlar hələ də küçələrdə ac-susuz qalıblar.

İran hökuməti isə sırf etnik mənsubiyyətinə görə çarəsiz qalan azərbaycanlılara nəinki yardım göstərmir, hətta onlara gələn yardımların qarşısını kəsir.

İran hökuməti şaxtalı havada küçədə qalan vətəndaşlara çadır, isti geyim, ərzaq kimi zəruri yardımları belə etmir.

Yeri gəlmişkən, İranın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Xoy şəhərində zəlzələdən zərər çəkən soydaşlarımıza 20 maşın yardım göndəriblər.

Rejimin "Bəsic" qüvvələri isə dözülməz vəziyyətə etiraz edənləri döyür və nalayiq sözlərlə təhqir edirlər.

Zəlzələ nəticəsində evi uçmuş şəxs ailəsini yerləşdirmək üçün çadır istədikdə molla rejiminin məmurları tərəfindən vəhşicəsinə döyülüb.

Zəlzələdən 3 gün sonra bölgəyə gələn İranın birinci vitse-prezidenti Məhəmməd Moxber isə sanki heç bir şeydən xəbəri yoxmuş kimi sözün əsl mənasında aktyorluq edib. Bölgədə əhalinin acınacaqlı vəziyyəti ilə tanış olub və Qırmızı Aypara Cəmiyyətinin məsul şəxslərini danlayıb. "Bunu bizə deyərdiniz ki, bütün lazımi əşyalarla təmin edərdik. İnsanların şikayət etmək hüququ var. İnsanların yardım prosesi ilə bağlı bəzi tənqidləri tamamilə haqlıdır. Bu çatışmazlıqlar aradan qaldırılmalıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 28-də Güney Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Xoy şəhərində zəlzələ baş verib. İran hökuməti təbii fəlakət nəticəsində ölən və yaralananların sayını gizlədir. Lakin bildirilib ki, bölgənin 70-dən artıq kəndində evlərə ziyan dəyib. Şəhər və kəndlərdəki 3500 yaşayış binası dağıntılara məruz qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti