Xəzər Xəbər

Şəkidə evləri yanmış 6 ailə çətin vəziyyətdə qalıb VİDEO

Veb TV | 20:13 • 28 Noyabr 2022
Şəkidə evləri yanmış 6 ailə çətin vəziyyətdə qalıb

Şəkidə bu ilin mart ayında evləri yanmış 6 ailə çətin vəziyyətdə qalıb.

Hadisədən 9 aya yaxın vaxt keçməsinə baxmayaraq yararsız hala düşmüş tikililərin bərpası üçün heç bir iş görülməyib.

Xezerxeber.az-ın məlumatına görə, Şəki şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 6 ailəyə məxsus evlər mart ayında yanıb. Tiklilərin dam örtükləri və yanar konstruksiyaları tam yararsız hala düşüb. Sakinlərin iddiasına görə, əlaqədar qurumlar evlərdə təmir aparmağa icazə vermirlər.

Zərərçəkmişlər deyirlər ki, sığorta şirkətləri onların evlərini sığortalamaqda maraqlı olmayıb. Buna səbəb kimi isə evlərin köhnə olması və bir-birinə bitişik tikilməsi göstərilib.

Şəki Rayon İcra Hakimiyyətindən bildirildi  ki, baş vermiş yanğın hadisəsindən dərhal sonra aidiyyəti təşkilatların nümayəndələri yaşayış evlərinə baxış keçiriblər. Sakinlərə müvafiq yardım göstərilməsi və yanmış tikililərin bərpa olunmasına köməklik göstərilməsi məqsədilə Nazirlər Kabinetinə və aidiyyəti komissiyaya müraciət edilib. Hazırda hər bir ailəyə daimi məskunlaşmaları həyata keçirilənədək kirayə haqqının ödənməsi üçün ayda 200 manat vəsait verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti