Xəzər Xəbər

Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxış edib VİDEO

Veb TV | 21:00 • 25 Sentyabr 2022
Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxış edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib.

Xezerxeber.az bildirir ki, Ceyhun Bayramov sessiyanın ümumi müzakirələri çərçivəsində “Dönüş məqamı: bir-biri ilə əlaqəli çağırışların transformativ həlli yolları” mövzusunda bəyanat səsləndirib. 

Ceyhun Bayramov çıxışında bildirib ki, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.

Ceyhun Bayramov söyləyib ki, son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, rəsmi İrəvan danışıqlar prosesinə dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.

Nazir son zamanlar Laçında bu il Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edildiyinə diqqət çəkib.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir. Bu məqsədlə nazir Ermənistana çağırış edib.

Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib və bu məqsədlə öz milli nümayəndə heyətini yaradıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti