Ötən gün Qarabağda zəfər tariximizin növbəti şanlı səhifəsi yazıldı. Artıq digər ərazilərdə olduğu kimi, Laçın şəhərində də Azərbaycan bayrağı dalğalanır. Millət vəkili Rasim Musabəyov deyir ki, Laçına səfər edən ölkə başçısı Ermənistana növbəti dəfə mühüm mesajlar verdi. Ermənistan baş verənlərdən nəticə çıxarmalı və vəziyyəti düzgün qiymətləndirməlidir
Prezident İlham Əliyevin Laçına səfər edərək starteji əhəmiyyətə malik şəhərdə bayrağmızı ucaltması tarixi hadisədir. Azərbaycan heç bir güllə atmadan, şəhid vermədən şəhəri azad etməklə Ermənistana növbəti dəfə yerini göstərdi. Bu həm də onlara psixoloji zərbə idi. Bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, nə qədər gec deyil, Ermənistanda revanşist qüvvələr baş verənlərdən nəticə çıxarmalıdır. Azərbaycan onsuz da istəyinə nail olacaq və sərhəddə sabitliyi pozmağa imkan verməyəcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın yaratdığı süni maneələr isə üçtərəfli bəyanata ziddir və ölkəmiz bu məsələ ilə bağlı təzyiqlərini artıracaq.
Rasim Musabəyov deyir ki, 30 il torpaqlarımızı işğal altında saxlamış, həmin ərazilərdə daşı daş üstə qoymamış bir ölkənin Azərbaycanı işğalçılıqda ittiham etməsinin nə hüquqi, də də mənəvi əsası var.
Ermənistan məğlub ölkə kimi vəziyyəti düzgün qiymətləndirməlidir. Delimitasiya prosesində vaxtı uzatmaqla heç nə əldə edə bilməyəcək. Çünki Azərbaycan tərəfində bununla bağlı xəritələr mövcuddur.
Millət vəkili hesab edir ki, beynəlxalq platformalarda Ermənistana sülh müqaviləsinin imzalanması üçün təzyiqlər daha da artırılmalıdır.