Xəzər Xəbər

Azərbaycan Prezidenti Səmərqəndə gedib: İlham Əliyev dövlət başçıları ilə görüşüb VİDEO

Veb TV | 21:12 • 15 Sentyabr 2022
Azərbaycan Prezidenti Səmərqəndə gedib: İlham Əliyev dövlət başçıları ilə görüşüb

Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edib. Dövlət başçısı səfər çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyev  və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb. 

Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Prezident İlham Əliyev Səmərqənddə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Səmərqənddə  Prezident ilham əliyevin özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğulayıb. Şavkat Mirziyoyev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlər arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlət başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Təşkilatın Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırıb və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

Dövlət başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirib. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan prezident İlham Əliyev qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib.

Bundan əlavə Prezident İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirib. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da   görüşü olub.Görüşdə Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib.Dövlət başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin Strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti