Xəzər Xəbər

Siyəzəndəki yanğından dəhşətli GÖRÜNTÜLƏR FOTO\VİDEO

Veb TV | 14:29 • 19 Avqust 2022
Siyəzəndəki yanğından dəhşətli GÖRÜNTÜLƏR
Son günlər Azərbaycanın şimal və şimal-qərb rayonlarında baş verən güclü yanğınlar nəticəsində yerli sakinlərə və təbiətə xeyli ziyan dəyib.
 
Avqustun 12-də Şabranda başlayan yanğın 4 gündən sonra Siyəzən rayonuna da keçib. Rayonun Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərindəki yanğın örüş torpaqları və meşə fondunu əhatə edib.
 
Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə də güclü yanğı baş verib.
 
FHN-nin məlumatına görə, bütövlükdə Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilib.
 
Belə ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-nin Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edib. Bundan əlavə yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Həmçinin yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edib.
 
İlkin məlumata görə, iyul ayından bəri təkcə Siyəzən rayonunda 100 hektarlarla əkin və meşə sahəsində yanğın baş verib. Məsələn, Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Şabranın Dağbilici kəndinin biçilmiş əkin sahələri də yanıb. Qonşu Mumlu və Qazma kəndlərində otlaq sahələri ilə yanaşı, 3 ev yanıb.
 
Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı beş nəfər xəsarət alıb. Şabran rayonunda Zöhramı kəndində də güclü küləklə müşayiət olunan yanğın baş verib. Burada 1 ev yanıb. kənd sakinləri isə köçürülüblər.
 
Qeyd edək ki, hələlik nə Fövqəladə Hallar, nə Ekolgoya və Təbii Sərvətlər Nazirliyi, nə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şimal və şimal-qərb rayonlarında son bir həftə ərzində baş verən yanğınlar zamanı əhaliyə, meşə fonduna və təsərrüfatlara nə qədər ziyan dəydiyi, yanğının hansı fəsadlar törətdiyi barədə hər hansı hesabat və ya məlumat açıqlanmayıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, meşə fondu, əkin sahələri ilə yanaşı evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. (bakupost) 
 
Bununla bağlı Siyəzəndə çəkilmiş dəhşətli görüntüləri təqdim edirik:
 
 
 

Xəbər lenti