Xəzər Xəbər

Avtobusu belə idarə etmək olar?! VİDEO

Veb TV | 14:59 • 2 İyul 2022
Avtobusu belə idarə etmək olar?!

İsmayıllı-Qəbələ yolunda hərəkətdə olan avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verib. Belə ki, o, mühərrikin qızmasını qarşısını almaq üçün özünəməxsus çıxış yolu tapıb. Mühərrikin yerləşdiyi hissə açıq ola-ola nəqliyyat vasitəsini idarə edib. Mütəxəssislər hesab edirlər ki, hər gün yüzlərlə sərnişin daşınan avtobus belə idarə edilməməlidir. Məsələyə dövlət avtomobil nəqliyyatı xidmətindən də münasibət öyrənmişik. 

Avtobusu mühərrik hissəsinin üstü açıq şəkildə idarə edir.

Kadrlar İsmayıllı-Qəbələ yolunda çəkilib. Faktı görən sürücülərdən biri bu lentə alaraq ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. Ehtimallara görə mühərrikdə nasazlıq yarandığından sürücü belə bir addım atıb. Mühərrik qızdığı üçün sürücü qızmanın qarşısını belə almaq istəyir.

Avtomobil ustası Sahil Ağabəyli deyir ki, avtobusun mühərrik hissəsi açıq ola-ola idarə etmək yolverilməzdir. Usta hesab edir ki, hər gün yüzlərlə insanı daşıyan avtobusda problem varsa, tam aradan qaldırmaq lazımdır. 

Kadrları izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı da deyir ki, sürücü burda kobud qayda pozuntusuna yol verib. Ekspert əlavə edib ki, sərnişindaşımada hələ də bu cür nasaz avtobuslardan istifadə edilir. Bu isə insanların həyatını təhlükəyə atır.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. ''2019-2023-cü il Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət proqramı''na əsasən avtobus parkının yenilənməsinin mərhələli şəkildə həll edilməsi nəzərdə tutulur. Bununla bağlı sahibkarlara artıq müvafiq xəbərdarlıq edilib''-deyə məlumatda bildirlib.

Xəbər lenti