Xəzər Xəbər

Solovyov yenə anti-Azərbaycan mövqeyini nümayiş etdirib VİDEO

Veb TV | 21:00 • 29 İyun 2022
Solovyov yenə anti-Azərbaycan mövqeyini nümayiş etdirib

Vladimir Solovyov növbəti dəfə öz iyrənc xislətini nümayiş etdirib. Rusiyanın siyasi ideologiyasının aparıcı təbliğatçılarından sayılan Vladimir Solovyov yenə anti-Azərbaycan mövqeyini ortaya qoyub. 

Qəlbində heç zaman gizlədə bilmədiyi erməni sevgisinin təsiri ilə mənfur erməni xislətinə bürünmüş bu "jurnalist" Azərbaycana qarşı açıq təxribata əl atıb. O, özünün yutub kanalında yayımladığı "Polnıy kontakt" canlı efirinə Qarabağdakı separatçı qurumun "XİN rəhbəri" David Babayanı dəvət edib. Solovyov özünə xas riyakarlıqla sözügedən separatçını hansısa bir dövlətin rəsmi nümayəndəsi kimi təqdim edib.

Tanınmış jurnalist Elçin Alıoğlu deyir ki, bu, Solovyovun ilk belə əməli deyil. O, hər dəfə ermənipərəst dairələr vasitəsilə Azərbaycanın müsbət obrazını hörmətdən salmağa çalışır.

Azərbaycan ictimaiyyəti üçün də erməni xislətinə bürünmüş bu obraz kifayət qədər yaxşı tanışdır. Solovyovun bəlkə də sədaqətlə bağlı olduğu yeganə anlayış onun erməni sevgisidir. Elə həmin sevgi də onu bu gün bütün dünyanın ikrah hissi ilə qarşıladığı, üzərində əlaltı damğası ilə dolaşan, sözünə, fikrinə və əqidəsinə zərrə qədər etimad bəslənməyən birinə çevirib...

Sonra guya etdiyi əməldən peşman olan Vladimir Solovyov Azərbaycandan üzr istəyib. Amma üzrü qəbahətindən böyük olub. Solovyov Rusiyanın imzaladığı öhdəliklərə əməl etməyib. Yəni o, Azərbaycana qarşı təxribatını Rusiya XİN rəhbərinin səfəri zamanı Bakıda Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi haqqında saziş imzalandıqdan bir neçə gün sonra həyata keçirib. Bununla da o, ölkəsinin Prezidenti və nazirinin imzasına hörmətsizlik etməklə Rusiyanın mənfi imicinin də yaranmasına şərait yaradıb. Onsuz da Ukraynadakı müharibəyə görə Rusiyanın beynəlxalq nüfuzuna zərbə dəyib. Dünya ictimaiyyəti Rusiyanı beynəlxalq hüquqa hörmət etməyən, günahsız insanların ölmünə səbəb olan bir ölkə olaraq tanıyır.

Digər tərəfdən, Solovyovun Azərbaycana növbəti dəfə dil uzatmaq cəhdi başadüşüləndir. Buna səbəb Solovyov və onun kimi "jurnalistlərin" gözünü yumub, ağzını açmasını sifariş edənlərin Azərbaycanın artmaqda olan qüdrətindən keçirdikləri narahatlıqdır. Onlara ən böyük cavab isə Azərbaycanın davamlı inkişafı və hər ötən gün artan nüfuzudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti