Xəzər Xəbər

İki rayonda qətl hadisələri törədilib, tutulanlar var VİDEO

Veb TV | 19:44 • 27 İyun 2022
İki rayonda qətl hadisələri törədilib, tutulanlar var

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Samux kəndində qeydə alınıb.

İddiaya görə, hadisə müqavilədə olan bələdiyyə torpağı üstündə baş verib. Kənd sakini 68 yaşlı Çapay Sadıqlı ilə 54 yaşlı Xazər Məmmədov arasında hazırda məhkəmə predmeti olan 6 hektara yaxın torpaq sahəsinə görə mübahisə yaşanıb. Mübahisə nəticəsində Çapay Sadıqlı  öldürülüb.

Samux kənd bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən torpaq sahəsi 2018-ci ildə 15 illik müqavilə ilə Çapay Sadıqlıya verilib.

Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Lənkəranda da mübahisə ölümlə nəticələnib. 32 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib. Qətl hadisəsi rayonun Liman şəhəri ərazində baş verib. Şəhər sakini 32 yaşlı Samir Novruzov mübahisədən sonra bıçaqlanıb. İddiaya görə, onun şah damarı kəsilib.

Samir Novruzovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. 47 yaşlı Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti