Xəzər Xəbər

“Atma-yarat-sat” layihəsi əşyaların təkrar istifadəsinə marağı artıracaq VİDEO

“Atma-yarat-sat” layihəsinin mütəmadi olaraq keçirilməsi tullantı hesab edilən əşyaların təkrar istifadəsinə marağı artıracaq
Veb TV | 21:15 • 21 May 2022
“Atma-yarat-sat” layihəsi əşyaların təkrar istifadəsinə marağı artıracaq

Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşmaq həm də tullantıların düzgün idarə olunması deməkdir. İstənilən tullantıdan hansısa bir sənət əsəri yaratmaq olar. Bu gün keçirilən "Atma-yarat-sat" sərgisində də bu cür məhsullar satışa çıxarılmışdı. Onları hazırlayanlar içərisində qazilərimiz də olub.

Taxtadan hazırlanan və xalça üzərində toxunan Azərbaycan bayrağı, xarıbülbül, dəmir yumruq, xəritəmiz  və möhtəşəm Şuşa maketi...

Görüntülər bu gün təşkil olunan "Atma-yarat-sat" sərgisindəndir.  44 günlük müharibədə düşmənə qan udduran oğullarımız, indi də ekoloji terrora qarşı mübarizə aparırlar. Tullantıları sənət əsərinə çevirərək, atmayıb, yaradıb, bugünki sərgidə satışa çıxarıblar.

Heç 30 yaşı belə olmayan bu oğullar Füzuli və Xocavənd istiqamətində döyüşərək yaralanıblar. İndi isə Sosial Xidmətlər Agentliyinin peşə-reabilitasiya mərkəzində hərəsi bir sənətin sirlərini öyrənməyə çalışır.  

Əl işləri ilə diqqət çəkən qazimiz Mahnigar Hacızadə bundan sonrakı fəaliyyətini isə "Azərxalça" ASC-də davam etdirəcək.

Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədr müavini Faiq Ağayev deyir ki, bu cür tədbirlər bölgələrimizdə də reallaşdırılacaq. Qurum rəsmisi hazırda peşə-reabilitasiya mərkəzlərində kurs keçən qazilərin sayını da açıqlayıb. 

Qeyd edək ki, "Atma-yarat-sat" adlı sərgidə qazilərimiz ilə yanaşı, əlilliyi olan digər şəxslər də iştirak edərək, öz əl işlərini satışa çıxarıblar.

Xəbər lenti