Xəzər Xəbər

Bakıda dostunu öldürən şəxs 25 gündən sonra tutuldu - O, hadisə yerində görüntüləndi FOTO/VİDEO

Qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açıldı
Veb TV | 21:14 • 17 May 2022
Bakıda dostunu öldürən şəxs 25 gündən sonra tutuldu - O, hadisə yerində görüntüləndi

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş hadisədən gedir.

Ağır cinayət Atatürk prospektində yerləşən beşmərtəbəli binanın sakinlərinin  ''102" xidmətinə məlumat verməsindən sonra açılıb.

Hadisə yerində ekspertlər araşdırma aparıblar və istintaq hərəkətləri zamanı 35 yaşlı Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Meyit 14 gün mənzildə qaldığından hətta çürüməyə məruz qalıb.

Qonşularun sözlərinə görə, Şamil Əliyev bir neçə ildir ki, həmin ünvanda tək yaşayırmış.

Mərhumun qardaşı Murad Əliyev deyib ki, qardaşının yaşadığı mənzil ata evi olub. Qardaşlar arasında ailədaxili məsələyə görə münasibətləri soyuq imiş.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin Bakı şəhər sakini 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib və adı çəkilən şəxs cinayətdən 25 gün sonra saxlanıb.

Murad Əliyev deyib ki, ilkin məlumata görə, hadisəni törədən şəxslə qardaşı dost olub. Hətta bir həftə imiş ki, Emil Ağayev Şamil Əliyevin evində qalırmış.

Ərazidə çəkiliş apardığımız zaman rayon prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Emil Ağayevi istintaq hərəkətləri aparmaq üçün həmin əraziyə gətirdilər. O, cinayəti törətdikdən sonra hansı istiqamətdə qaçdığını və digər əməlləri barədə müstəntiqə məlumat verdi.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda onun barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti