Xəzər Xəbər

Azərbaycana qarşı bəyanat üçün bəhanə axtaranlar Ermənistandakı biabırçılıqlara niyə göz yumurlar? VİDEO

Veb TV | 21:00 • 17 May 2022
Azərbaycana qarşı bəyanat üçün bəhanə axtaranlar Ermənistandakı biabırçılıqlara niyə göz yumurlar?

Bu günlərdə qərbin müəyyən dairələri Azərbaycan və Ermənistana münasibətdə yenə ikili standartlar nümayiş etdirməkdədir. İrəvanda hətta parlamentin depurtatlarına qarşı zorakılıq tətbiq olunur. Lakin bu ölkədəki Avropa dövlətlərinin səfirlikləri və müvafiq beynəlxalq qurumlar susur.

Politoloq Zaur Məmmədov deyir ki, hazırda Ermənistanda demokratiyanın ağır şəkildə pozulması fonunda beynəlxalq təşkilatlar səssiz qalır. Azərbaycanda bəyanat vermək üçün bəhanə axtaran dairələr Ermənistanda bu miqyasda hadisələrə reaksiya vermirlər.

Zaur Məmmədov vurğulayır ki, Ermənistanda baş verən hadisələrə susan ölkələrin Azərbaycanda kiçik bir etiraz aksiyasına xüsusi diqqət ayıraraq və üstəlik, vəziyyəti təhrif edərək bəyanat verməsi təkcə ikili standart deyil, həm də böyük bir siyasi məsuliyyətsizlikdir. Politoloq hesab edir ki, Bakıda baş verən motivləri bəlli olmayan bir hadisənin siyasiləşdirilməsi doğru deyil. Buna görə də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiya ilə bağlı açıqlaması təəssüf və təəccüb doğurur.

Zaur Məmmədov səfirlikliyin "may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb", "zorakılıq" tətbiq olunub" və s. iddialarının qızışdırıcı və təhrikedici mövqenin göstəricisi olduğunu deyir. Belə bir təəssürat yaranır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də Böyük Britaniya səfirliyinin məlum bəyanatına cavab verib. Bəyanatda vurğulanıb ki, mayın 14-də bir qrup şəxsin qanuna zidd şəkildə keçirdiyi aksiyaya heç bir polis müdaxiləsi olmadığı və heç kimin saxlanmadığı halda, Böyük Britaniya səfirliyinin polisin aksiyaya müdaxilə etməsi və saxlananların olması barədə məlumat yayması qəbuledilməzdir. "Bu, Azərbaycan Respublikasının daxili işlərinə əsassız müdaxilədir. Bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil. Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk. Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq",- deyə açıqlamada qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti