Xəzər Xəbər

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir VİDEO

Veb TV | 19:44 • 17 May 2022
Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir

''Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir. Avropa İttifaqı ölkəmizin ən böyük investisiya tərəfdaşıdır''.

Xezerxeber.az-ın məlumatına görə, bunu  iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırılıb.

Mikayıl Cabbarov əlavə edib ki, cari ilin 4 ayı ərzində Azərbaycanda iqtisadi artım 7,2%, o cümlədən qeyri-neft sektoru üzrə artım 11,4% təşkil edib. Nazir işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən də danışıb. Vurğulayıb ki, bu istiqamətdə "yaşıl" və "ağıllı" konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir.

Onun sözlərinə görə, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyasını daha da sürətləndirəcək.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirilib ki, tərəflər arasında ticarət əlaqələri daha da dərinləşir. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Peter Mixalko vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-tranzit potensialı Avropa İttifaqı şirkətlərini cəlb edir. O əlavə edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə töhfə verməklə regionda dayanıqlı sülh istəyir.

Tədbirdə həmçinin "Aİ Biznes Mühiti Hesabatı 2021"nin təqdimatı keçirilib. Hesabata əsasən, ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-i iqtisadi fəaliyyət üçün Azərbaycanı seçmək, 53%-i isə ölkəmizdə biznes fəaliyyətlərini genişləndirmək niyyətlərini ifadə ediblər. Şirkətlərin 54%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaqda maraqlıdırlar, 14%-i isə artıq investisiya layihələrində iştirak edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti