Xəzər Xəbər

Bu kəndlərin sakinləri içməli suya həsrət qalıblar VİDEO

Veb TV | 21:02 • 16 May 2022
Bu kəndlərin sakinləri içməli suya həsrət qalıblar

Zaqatalanın iki böyük kəndi - Yuxarı və Aşağı Tala kəndləri  su üzünə həsrət qalıb. Sakinlər deyirlər  ki su boruları  istismar müddətini başa vurduğu üçün  hazırda  istifadəyə tam yararsızdır. Buna görə də çayda suyun səviyyəsi bir balaca artan kimi içməli su xətlərini sıradan çıxarır. 

Hər dəfə yağış yağanda çayda suyun səviyyəsi artır və onsuz da istismar müddətini başa vurmuş su xətlərini sıradan çıxarır.

Bura Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndləridir... Yağış suları bu iki kəndin kabusuna çevrilib. Ümumilikdə 20 min nəfərə yaxın əhali içməli su sarıdan əziyyət çəkir.

Təkcə bu ilin son 2 ayı ərzində bu hal iki dəfə təkrarlanıb. Əlacsız qalan sakinlər günlərlə, bəzənsə aylarla suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da satın almağa məcburdurlar.

Kəndlərin su probleminin kökündən həll edilməsi üçün su sistemləri tam yenilənməlidir. Buna isə hazırda kəndlərin su xətlərinə nəzarət edən bələdiyyələrin vəsaiti çatmır.

Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib, hər iki kəndin içməli su təminatında yaranan problemə görə ərazidə dəfələrlə təmir işləri aparılıb. Lakin bu kəndlərin daxili xətləri yenilənməlidir. "Hazırda kəndlərdə iki artezian quyusunun qazma işləri aparılır. Məsələ ilə bağlı Nazirlər kabinetinə müraciət olunub",- deyə İcra Hakimiyyətindən bildirilib.

Xəbər lenti