Xəzər Xəbər

Paşinyanın mina xəritəsi yalanı: İrəvan dünyanı BELƏ ALDADIR VİDEO

Veb TV | 22:30 • 13 May 2022
Paşinyanın mina xəritəsi yalanı: İrəvan dünyanı BELƏ ALDADIR

Ermənistanın baş naziri Nikol Paşinyan Niderlandda çıxış edərkən Ermənistanın humanitar jest kimi Azərbaycana bütün ərazilərin mina xəritələrini verdiyini bəyan edib. Bununla Azərbaycandan yeni güzəştlər əldə etməyə çalışan Paşinyan unudur ki, verdikləri mina xəritələrinin doğruluq payı cəmi 25 faizdir. Elə bu gün Fövqəladə Hallar Nazirliyinin zabitinin minaya düşərək yaralanması, eləcə də bundan öncə baş vermiş mina partlayışlarının yeganə məsuliyyəti Ermənistanın və onun siyasi rəhbərliyinin üzərindədir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Heydərov minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir. 

Müharibənin bitməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan ordusunun 30 illik işğal dönəmində basdırdığı minalar can almağa davam edir. Belə bir vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan Niderlanda səfəri zamanı mina xəritələrinin hamısını guya Azərbaycana verdiklərini açıqlayaraq, bu məsələni siyasi alver mövzusuna çevirməyə çalışır. Ancaq reallığa gəldikdə Azərbaycan rəsmiləri dəfələrlə qeyd ediblər ki, təhvil verilən mina xəritələrində dəqiqlik payı 25 faizə qədərdir. 

Belə bir vəziyyətdə Nikol Paşinyan Niderlandda olarkən səhv məlumatlarla dolu xəritələrin Azərbaycana verilməsini ölkəsinin humanist addımı kimi sırımağa çalışır. Halbuki, onun humanist addım adlandırdığı qeyri-dəqiq xəritələr ucbatından və onlara aid olmayan əraziləri işğal dönəmində vəhşicəsinə minalamaları nəticəsində müharibə bitəndən bugünə qədər 219 nəfər azərbaycanlı minaya düşüb. Onlardan 38 nəfər həlak olub, 181 nəfər isə ağır yaralanıb. Minaya düşənlərin çoxunu hərbçilər, üçdə bir hissəsini isə mülki şəxslər təşkil edir. 

Doğrudur, müharibə bitəndən dərhal sonra mina partlayışına məruz qalanların sayı daha çox idi. Məsələn, indiyə kimi minaya düşən 219 nəfərdən 195-i elə 2020-2021-ci illərdə qeydə alınıb. Ancaq minaya düşənlərin sayının azalması heç də Ermənistanın təqdim etdiyi və doğruluq faizi çox aşağı olan mina xəritələrinə görə deyil, bu rəqəm minatəmizləmə əməliyyatlarının, eləcə də maarifləndirmə işlərinin artması hesabına qeydə alınıb.

Məsələn, 2021-ci ilin dekabrından 2022-ci ilin fevralına qədər 9 nəfər, fevral ayından aprel ayına qədər 5 nəfər, aprel-may aylarında isə 10 nəfər mina partlayışına məruz qalıb. 

Minaya düşərək həlak olan 38 nəfərin ölümünə və 181 nəfərin ağır yaralanmasına birbaşa səbəb olan bir ölkənin baş nazirinin guya humanist addımlar atıb mina xəritələrini vermələrinə baxmayaraq, Azərbaycandan eyni yanaşmanı görmədiyini təəssüfləndiyini nümayiş etdirməsi - ən yüngül ifadə ilə - sadəcə gülüncdür. Halbuki, Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təqdim etməsi 10 noyabr bəyanatından sonra bu ölkənin beynəlxalq hüquqa görə icra etməyə məcbur olduğu humanitar addım idi. 30 ildir ki, başqasının topağını işğalda saxlayan, ordakı bütün mədəni irsi məhv edən, 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkün durumuna salan, bu azmış kimi başqasına məxsus torpaqları minalarla çirkləndirən bir ölkənin rəhbərinin həqiqətən humanizmdən danışmağa hüququ çatırmı görəsən?

Paşinyanın bu davranışları bir daha onu göstərir ki, o, sülh prosesində qətiyyət nümayiş etdirmir, ya da Ermənistanın daxili auditoriyasının narazılıqlarına görə bu qətiyyəti göstərməyə sadəcə gücü çatmır. Hər bir halda, Paşinyanın hansısa xarici ölkədə bu cür açıqlamaları ona əlavə xal qazandırmır. Əksinə, bütün dünya ictimaiyyəti, işğaldan azad edilmiş ərazilərə səfərlər edərək Ermənistanın törətdiyi vəhşilikləri öz gözləri ilə görən xarici siyasətçilər və ekspertlər bu ölkənin gerçək üzünün nədən ibarət olmasının fərqindədir. 

Xəbər lenti