Xəzər Xəbər

Bakının mərkəzində ağaclar kəsildi: Rəsmi qurumlar hərəkətə keçdi VİDEO

Veb TV | 20:18 • 22 Yanvar 2022
Bakının mərkəzində ağaclar kəsildi: Rəsmi qurumlar hərəkətə keçdi

Bakıda iki tikinti şirkətinin ümumilikdə 100 min manatdan artıq dəyəri olan ağacları kəsdiyi bildirilir. Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yayıb. Bildirilir ki, artıq faktla bağlı toplanan material Baş Prokurorluğa göndərilib.

Bu, aylar əvvəl çəkdiyimiz görüntüdür. Bina və həyətində ağaclar var. 

Bu isə indiki vəziyyətdir. Həmin bina söküldükdən sonra ağaclar da yoxa çıxıb.

Bura Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsidir. Həmin ərazidə plana düşən binalardan biri sökülüb. Onun həyətində olan ağaclar isə kəsilib.

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yayıb. Sözügedən prospekt və küçənin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Yeni Ailə" MTK tərəfindən kəsildiyi və təbiətə 34 min 860 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Məsələ ilə bağlı sözügedən şirkətə getdik. Müsahibə vermək istəməsələr də, bildirdilər ki, faktı hüquq mühafizə orqanları araşdıracaq və hüquqi qiymət veriləcək. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin digər məlumatına görə, rayon ərazisində başqa bir tikinti şirkəti də ağacları kəsməklə təbiətə 68 min manata yaxın ziyan vurub..

Hər iki faktla bağlı dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Xəbər lenti