Xəzər Xəbər

Tələbə qış semestr imtahanlarına buraxılmadı - Buna səbəb nədir? VİDEO

Veb TV | 19:53 • 21 Yanvar 2022
Tələbə qış semestr imtahanlarına buraxılmadı - Buna səbəb nədir?

"Övladımın təhsil haqqını dekabr ayına kimi çatdırıb tam ödəyə bilmədim. İndi də qızım imtahanlara buraxılmır". Bakı şəhər sakini Sevil Xanbabayeva bu şikayəti ilə bağlı video çəkərək sosial şəbəkələrdə paylaşıb, həmçinin "Xəzər Xəbər"in votsap nömrəsinə müraciət edib. Universitet rəhbərliyindən aprel ayına kimi möhlət istədiyini deyən qadın, ona heç bir köməklik edilmədiyini iddia edib. Məsələyə universitetdən də münasibət bildirib.

Sosial şəbəkələrdə yayılan bu videosu ilə diqqət çəkən qadın Sevil Xanbabayevadır. Deyir ki, pulu olmadığı üçün qızının illik təhsil haqqını tam ödəyə bilməyib, ona görə də övladı Nigar Zeynalzadə təhsil aldığı Qərbi Kaspi Universitetində semestr imtahanlarına buraxılmır. 

Sevil Xanbabayeva deyir ki, hazırda metro stansiyalarının birində 400 manat əməkhaqqı ilə təmizlik işçisi kimi çalışır. İki övladına tək baxdığı üçün də ödənişi qoyulan vaxta kimi çatdırmadığını deyir.

Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, universitet təhsil haqqı məsələsində müqavilə öhdəliklərinə istinad edir. Tələbələrə dekabr ayına kimi təhsil haqlarını hissə-hissə ödəmək imkanı yaradılıb.  

Vüsal Məmmədov onu da bildirdi ki, universitetdə tələbələr üçün iki dəfə ödənişsiz əsaslarla təkrar imtahan şansı yaradılıb. Tələbə bundan da yararlana bilər.

Xəbər lenti