Xəzər Xəbər

20 Yanvar faciəsindən 32 il ötür VİDEO

Veb TV | 19:31 • 20 Yanvar 2022
20 Yanvar faciəsindən 32 il ötür

Bu gün 20 Yanvar faciəsindən 32 il ötür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə  dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirildi.

Xezerxeber.az-ın məlumatına görə, Sovet İttifaqı Kommunist  Partiyasi  Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakı və Azərbaycanın bir neçə rayonuna yeridilərək, xüsusi qəddarlıq və misli görünməmiş vəhşilik nümayiş etdirdi.

Bu hadisə nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə  qanunsuz həbs olundu. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadın və qocalar da var idi.

Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçala, bir gün sonra isə Lənkərana yeridildi, nəticədə 8 günahsız vətəndaşımız qətlə yetirildi.

Hərbi qulluqçular  200 ev, 80 avtomobilə, o cümlədən, təcili yardım maşınlarına atəş açıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlakı məhv etdilər.

1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi" adlanır və onların ümumi sayı 150 nəfərdir. SSRİ  rəhbəri  Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazıldı.

20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku  hərbiçilər tərəfindən  partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-i ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı təşkil edib,  xalqla birgə olduğunu bildirir və 20 Yanvar faciəsinə siyasi qiymət verir. Törədilən faciənin hüquqa, demokratiyaya, humanizmə zidd , mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərir. Bu tarixi çıxışın mətni dünyaya yayılır.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri araşdırılır  və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılır. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülür.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edir. Bununla da ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilir, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilir.

1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı. Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi, bölgədə yeni reallıq yaratdı. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti