Xəzər Xəbər

Qarlı hava şəraiti yollarda hərəkəti iflic edib VİDEO

Veb TV | 20:35 • 20 Yanvar 2022
Qarlı hava şəraiti yollarda hərəkəti iflic edib

Qarlı hava şəraiti bir sıra yollarda nəqliyyatın hərəkətini iflic edib. Şamaxı, İsmayıllı və Ağsudakı dolaylarda avtomobillər yolda qalıb.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, 100-dən çox maşın yollarda qalıb, insanlar piyada getməli olublar.

Bəzi yollar qardan təmizlənsə də, qarın yağmağa davam etməsi yenidən yolları örtüb.

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib. Bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyiblər.

Şamaxı şəhəri ərazisində baş verən qəzada  iki nəfər xəsarət alıb.  Güclü qara görə yol polisi əməkdaşları yolu bağlayıblar. Şamaxıda yollar buz bağladığı üçün postdan maşınlar buraxılmır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı - Şamaxı avtomobil yolunun 65-104-cü kilometrliyi və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir. Muğanlı - İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti