Xəzər Xəbər

Şəhidlər xiyabanı ziyarətə hazırdır VİDEO

Veb TV | 20:44 • 19 Yanvar 2022
Şəhidlər xiyabanı ziyarətə hazırdır

20 yanvar faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanı hər il olduğu kimi bu dəfə də al-qırmızı rəngə boyanıb. Xiyabanın ətrafı giriş hissəsindən sonuna kimi qərənfillərlə örtülüb. Artıq xiyabanda anım mərasimi üçün hazırlıq işləri  başa çatdırılıb. Bu arada, yol polisi sabah səhərdən Şəhidlər Xiyabanı istiqamətində olan bəzi yolların bağlanacağı ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bəzisi gülləri seçir, bəzisi də xiyabanın müxtəlif hissələrinə həmin gülləri düzür.

Hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanının giriş hissəsində qırmızı güllərdən xalı döşənib. Ümumilikdə minlərlə qərənfildən istifadə olunan kompozisiyanın qurulmasına təcrübəli mütəxəssislər cəlb edilib.

Artıq bu gündən vətəndaşlar, xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri, şagirdlər və digər şəxslər Şəhidlər xiyabanına gələrək şəhidlərimizi yad ediblər.

Bu arada, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sabah səhərdən Bakıda bir sıra yolların bağlanacağı ilə bağlı sürücülərə xəbərdarlıq edib. Qurumun bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Sabah həmçinin Bakıda Parlament prospekti, Şəhidlər Xiyabanı, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, dəyişiklik səhər saatlarından tədbir tam başa çatana qədər davam edəcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Xəbər lenti