Xəzər Xəbər

Bakıda uşaq evində BİABIRÇILIQ: Bu dəfə valideynlə tərbiyəçi arasında dava oldu VİDEO

Veb TV | 20:12 • 19 Yanvar 2022
Bakıda uşaq evində BİABIRÇILIQ: Bu dəfə valideynlə tərbiyəçi arasında dava oldu

Bu dəfə paytaxtda yerləşən uşaq evlərindən birində xoşagəlməz hadisə yaşanıb. Valideynlə tərbiyəçi köməkçisi arasında əlbəyaxa dava olub. Uşaq evində baş verən hadisə anbaan müəssisədə yerləşdirilən müşahidə kameralarına düşüb. Davaya səbəb  kimi uşaq evinə yerləşdirilən azyaşlılardan birinin döyülməsi göstərilir. Əməkdaşlarımız sözügedən müəssisədə hadisənin təfərrüatlarını öyrənməyə çalışıblar. 

Bakıda uşaq evlərinin birində tərbiyəçi köməkçisi ilə valideyn arasında əlbəyaxa dava olub.

Hadisə Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyevanın Günay adlı valideynlə mübahisəsi əlbəyaxa davaya çevrilib. Görüntülər müəssisədaxili müşahidə-nəzarət kameralarına da düşüb...

Uşaq evinin direktoru Məhbubə Hüseynova deyir ki, hadisəyə Gülcan Nağıyevanın uşağı vurması səbəb olub. Onun sözlərinə görə, valideyn hadisə ilə bağlı rəhbərliyi məlumatlandırmadan icazəsiz uşaqların olduğu otağa daxil olaraq tərbiyəçi köməkçisi ilə dalaşıb.

Hadisədə adı hallanan Gülcan Nağıyeva iddia edir ki, o, uşağı vurmayıb, sadəcə tənbeh edib. Tərbiyəçi köməkçisi mübahisənin davaya çevirilməsində valideyni günhalandırır. O deyir ki, dava zamanı onun barmağı da zədələnib. 

Uşağın valideyni Günay Nuriyeva isə deyir ki, övladının döyülməsi ilə barışa bilmədiyi üçün əsəblərinə hakim ola bilməyib. 

Uşaq evinin direktoru Məhbubə Hüseynova Gülcan Nağıyevanın uşağa əl qaldırmaqla daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə işdən çıxarıldığını bildirdi. Onun sözlərinə görə, tərbiyəçi köməkçisi izahatında əməlini etiraf edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanıb. "İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı Gülcan Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alındıqdan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olduqdan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq",- deyə nazirliyin açıqlamasında qeyd olunub.

Xəbər lenti