Xəzər Xəbər

Azərbaycan-Ukrayna əlaqələrində yeni mərhələ başlayır VİDEO

Veb TV | 20:50 • 14 Yanvar 2022
Azərbaycan-Ukrayna əlaqələrində yeni mərhələ başlayır

Prezident İlham Əliyevin Ukraynaya səfəri iki dost ölkənin münasibətlərində, xüsusən iqtisadi-ticari sahədə əməkdaşlıqda yeni səhifə açacaq.

Xezerxeber.az-ın məlumatına görə, politoloq Murad Sadəddinov bildirib ki, istər Sovet İttifaqı dövründə, istərsə də ondan sonrakı zamanlarda hər iki ölkə xalqları arasında dostluq və sıx bağlılıqlar olub. O hesab edir ki, səmimi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqlarının bir-birlərinə qarşılıqlı dəstək vermələri və ağır günləri geridə qoymaları münasibətlərin möhkəm təməllər üzərində qurulmasını təmin etdi. Politoloq bildirir ki, bu əlaqələr bundan sonra daha da dərinləşəcək.

Onun sözlərinə görə, bundan sonra da siyasi, iqtisadi, humanitar, informasiya texnologiyaları sahələri də daxil olmaqla, bir sıra mühüm istiqamətlərdə əməkdaşlıq inkişaf etdiriləcək. Xüsusilə iki ölkədə ticarət evlərinin açılması, biznes forumların keçirilməsi bu sahədə yaxşı nəticələrə gətirib çıxardı. Qarşılıqlı ticarət dövriyəsində yüksək rəqəmlər əldə edildi. Bu səfər iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar vəd edir. Dövlət başçısının Ukraynaya səfəri xüsusilə taxıl ehtiyatımızın artıması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında kənd təsərrüfatı, enerji kimi sahələrə dair sənədlər imzalanıb. Dövlət başçılarının görüşündə qarşılıqlı sərmayə qoyuluşu, turizm, informasiya texnologiyaları və bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, ötən ilin 11 ayında iki ölkə arasında ticarət dövriyyəsi 866 milyon dollar olub. İdxal 419 milyon, ixrac 446 milyon dollara çatıb. 2020-ci ildə isə ticarət dövriyyəsi 771 milyon dollar olub ki, onun da 418 milyonunu idxal, 353 milyonunu isə ixrac təşkil edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti