Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axşam saatlarında rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. Araşdırmalarla onların Masallı rayon sakinləri - əvvəllər məhkum olunmuş Qabil Əmənov və Rəşad Nəcəfov olduqları müəyyən edilib. Həmin şəxslərin daxil olduqları obyektdən ümumilikdə 1000 manat dəyərində əlvan metallar və 1 ədəd kəsici aparat oğurladıqları məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, Masallı polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Türkoba kəndi ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən həmin kəndin sakini Əmrah Əkbərov saxlanıb. Onun daxil olduğu yaşayış evindən 700 manat pul oğurladığı bildirilir. Faktlarla bağlı araşdırma aparılır.
Qubada isə evdən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər ona məxsus Quba rayonunun Digah kəndindəki yaşayış olmayan evdən oğurluq edildiyini bildirib. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: