Xəzər Xəbər

Jurnalistlərin sosial müdafiəsi gücləndirilir VİDEO

Veb TV | 21:00 • 9 Dekabr 2021
Jurnalistlərin sosial müdafiəsi gücləndirilir

“Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə deyib.

Əhməd İsmayılov bildirib ki, jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir.

Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə bir sıra dəyşikliklərin edilməsi nəzərdə tutulur. Bundan başqa, media subyektləri güzəştli kreditlər də ala biləcəklər.

Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan mediasının dövrün tələblərinə uyğunlaşdırılması üçün ''Media haqqında'' qanun layihəsi  hazırlanıb. Layihəyə əsasən, jurnalistika sahəsində xidmət müqaviləsi əsasında işləyənlərin statusu müəyyənləşir. Onun sözlərinə görə, "jurnalist anlayışı" xidmət müqaviləsi əsasında işləyən jurnalistləri əhatə edəcək. Yeni qanun qəbul edildikdən sonra həm ''Televiziya haqqında'', həm də ''KİV haqqında'' qanun qüvvədən düşəcək.

Əhməd İsmayılov onu da əlavə edib ki, dövlət orqanlarının mediaya müdaxiləsi yolverilməzdir. Media münasibətləri zamanı istənilən mübahisələrin həlli yalnız məhkəmə qaydasında həll ediləcək. Bundan başqa, Cinayət Məcəlləsinin böhtan və təhqirə dair maddələrinin de-kriminallaşdırılması nəzərdə tutulur.

"Media haqqında" qanun layihəsinin predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir.

"Vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi kimi həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil edilməyib. Yeni qanun layihəsi ən qısa zamanda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti