Xəzər Xəbər

Ədalət Məhkəməsinin qərarı: XİN brifinq keçirdi VİDEO

Veb TV | 22:10 • 8 Dekabr 2021
Ədalət Məhkəməsinin qərarı: XİN brifinq keçirdi

Məlum olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını" təmin etməyib. Eyni zamanda, Ermənistanın,  Hərbi Qənimətlər Parkının bağlanmasına, eləcə də Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmayıb.  Məsələ ilə bağlı bu gün Azərbaycan Xarici İşlər Nazirliyində brifinq keçirilib. 

"Ermənistan Azərbaycanda saxlanan erməni əsilli şəxslərlə bağlı məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi". Bu sözləri xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin dünən qəbul etdiyi qərarla bağlı təşkil etdiyi brifinqdə deyib. Nazir müavini bildirib ki, Ermənistanın məhkəmədə vəsatəti cinayət törətmiş şəxslərin təhvil verilməsi idi.

Nazir müavini qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib.

Elnur Məmmədov qeyd edib ki, Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı iddiaları da məhkəmə tərəfindən qəbul edilməyib. Nazir müavininin sözlərinə görə, bu parkda etnik ermənilərə qarşı nifrətdən söhbət belə gedə bilməz.

Xarici işlər nazirinin müavini həmçinin Azərbaycanın bundan sonrakı mərhələdə atacağı addımlar barədə də danışıb və bildirib ki, gələn il Azərbaycan Ermənistana qarşı iki konkret istiqamət üzrə şikayət verəcək. 

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycan ərazisində terror planlaşdırmaqda ittiham olunan şəxslərin ədalət məhkəməsi önünə çıxarılmadan Ermənistana təhvil verilməsi tələbi əsassız hesab edilib. O cümlədən də Ermənistanın mina xəritələri ilə bağlı şərtlər irəli sürməsi də beynəlxalq qanunvericiliyə, müvafiq konvensiyalara zidd bir əməl kimi Ermənistan tərəfinin əleyhinə işləyib. 

Xəbər lenti