Xəzər Xəbər

Prezident və ailə üzvləri Qubaya səfər edib VİDEO

Veb TV | 21:58 • 6 Dekabr 2021
Prezident və ailə üzvləri Qubaya səfər edib

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər ediblər. Prezident, birinci xanım və qızları ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Sonra Quba olimpiya idman kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

Quba universal kompleksində 200-250 işinin çalışacağı nəzərdə tutulur. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış olublar.

Prezident və ailəsi "Quba ABAD factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bildirilib ki, "ABAD Factory" bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq. Qeyd olunub ki, bu müəssisə vasitəsilə həm "ABAD"çıların qablaşdırma vasitələrinə olan tələbatı ödənəcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını da edib. 6 kilometrlik yolun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur. Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Qeyd edək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd qəsəbəsində yeni inşa olunmuş mədəniyyət evində yaradılan şəraitlə də tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər. Sonra qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyublar. Sonda xatirə şəkli çəkdirilib.

 

Xəbər lenti